Thursday, February 26, 2015

Özümüzə qayıdacıq

O qədər qəliz, mənasız şeylərlə doldurmuşuq ki, gündəlik yaşamımızı. Heç vaxtımız olmur 5 dəqiqə özümüznən oturub çay içməyə. Yolda gedəndə, pilləkanları qalxanda, kimisə gözləyəndə keçirdiyimiz vaxtlardakı kimi, dincəlməyə ayırdığımız zamanlarda da hökman günümüzü dolduran o mənasız şeylərlə məşğul edirik beynimizi.

Beyinin durğunluq halı

5-cə dəqiqə beynimizi durdurub özümüzə vaxt ayıra bilsək, bəlkə də hər səhər yuxumuza haram qatıb qaça-qaça arxasına düşdüyümüz bir çox şeyin mənasız olduğunu görə bilərik. Daha çox pul qazanmağa, daha yaxşı maşını seçməyə, daha gözəl mebeli almağa və ya ən bəsitinnən bu gün daha fərqli görünmək üçün hansı paltarları geyinəcəyimizi qərar verməyə sərf elədiyimiz vaxtı bir oturub hesablayın. Kimə lazımdı bütün bunlar? Bizim özümüzə? Doğurdan da səhər kiminsə sizə - "Bu gün çox gözəl görünürsən"deməsi ruhunuzu qidalandırır mı ki? Keçicidir axı bunlar. Yetərsizlik sıxıntısıdır, özümüz özümüzə yetmirik.

28 yaşım olur, mən hələ də bir dəfə olsun atamı bir yerə dəvət eləməmişəm. Bunun fərqinə varanda yadıma heç tanımadığım insanlarla oturduğum yığıncaqlar, çox da önəmi olmayan insanlarla keçirtdiyim günlər yadıma düşdü. Sora da baxırsan ki, yanındakı ən önəmli adama ildə 1 saatını belə qıymamısan. Bu azmış kimi, xoşbəxt olmaqdan danışırsan. "Niyə daxili rahatlığımız yoxdu?" deyə düşünürük hələ də..

Səhər tezdən durub bazara gedib hər satıcı ilə 3-5 cümlə zarafat edib, günorta yeməyinə birşeylər alıb, evdə bütün həvəsinlə ən yaxşı bacardığın yeməkləri bişirib, günortaya da ən sevdiyiniz dostlarınızı çağıranda alacağınız zövq, maaş günü aldığınız rahatlıqdan 10 dəfə artıq olacaq! Bi yoxlayın. Bu gün ilə yaşamaq deyəndə çox vaxt səhv salırıq işin əslini. Bu gün ilə yaşamaq, bu gün son günündür kimi yaşamaqdı, ən sevdiyin işləri ertələmədən etmək deməkdi. Çox düşünməmək deməkdi. Qorxuları kənara qoya bilmək deməkdi. Xoşbəxtliyin bədəlini ödəməyə hazır olmaq deməkdi.

Daxili rahatlıq-başqa söznən desək- xoşbəxtlik ucuz tutulası bir şey deyil. Maaşınıza, təzə mebelinizə, bahalı pencəyinizə və ya brend saatınıza nə qədər dəyərlə yanaşırsızsa, onnan çox daha böyük dəyərlə öz daxili rahatlığınıza yanaşmalısız. Yoxsa nə o saat, nə o mebel, nə də pencək sizi rahatlatmayacaq.

Özümüzü düşünə düşünə maddiyyatı unudacıq, maddiyyatı unuda unuda özümüzə qayıdacıq! Onda anlayacıq niyə və nə üçünük!

Xoş günlər!